Qarabasmanın baş vermə səbəbi nədir? - AÇIQLAMA

Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə
biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra
yoxa çıxır..
Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır
ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən
çırpınıb durursunuz.
Dünyanın demək olar ki bütün mədəniyyətlərində fərqli adlar
verilən, daha çox qarabasma adı ilə bilinən bu qorxulu vəziyyətin izahı varmı? İnsanlar
bunu yuxuda görür yoxsa bu real həyatda gerçəkləşən bir situasiyadır?
“Qarabasma insanın həm yuxuda olduğu dövrdə, həm də real həyatda
da baş verə bilər” – bu fikirləri ilahiyyatçı Ağa Hacıbəyli Referans.az-a
verdiyi məlumatda səsləndirib.
“Xüsusən, real həyatda daha çox gecə saatlarında qorxuya
meyilli olan uşaqlarda baş verir. Gecə ətəyi ilə hər şeyi örtdüyündə qaranlıq
insanların üzərinə çökər və bu zaman qorxu havasına bürünmüş insanlar həmin
qorxunun təsirindən gerçək hesab etdikləri illuziyalar görürlər. Bu zaman insan
o ağırlığın, kabusun altında əzilir, sanki nəfəsi kəsilir, taqətdən düşürmüş
kimi hiss edir. Eyni zamanda bu proseslərin oxşarının yuxuda da baş verdiyinin
şahidi oluruq. Lakin yuxuda görülən bu ağır kabusla real həyatda baş verənlər
arasında fərqlər də var, bunları bir-birindən ayırmaq lazımdır. Dinimizin də
yuxu ilə bağlı 3 istiqaməti var. Xüsusən yuxunun görülmə vaxtı sübh çağında, fəcr
vaxtı 30-40 dəqiqə civarında görülən yuxular qarabasma formasında olarsa, bu
yuxulara şeytani yuxular deyirlər. Ümumiyyətlə, yuxular 2 yerə bölünür, şeytani
və rəbbani yuxular. Bizi yoran, pis təsir edən yuxular şeytani yuxular, bizə fərah,
hüzur verən yuxular isə rəbbani yuxulardır. Qarabasmalar olursa insan həyatında
bunun bir çıxış nöqtəsi olmalıdır. Xüsusən, Allaha olan inam, insanların etdikləri
dua və zikrlər insanları mənəvi cəhətdən motivasiya edir, gücləndirir, qüdrətləndirir.
Belə gerçək olmayan illuziyalara, kabuslara qarşı bizi daha dayanıqlı hala gətirir.
Bu tip yuxuları çox vaxt cinlərlə, pis ruhlarla əlaqələndirirlər. Lakin
ruhların pisi olmur, cinlər isə bizə ziyanı olmayan, paralel dünyada bizimlə
birgə yaşayan məxluqlardır. Bizi hədəqəmizdən çıxaran, düzgün istiqamətdən
ayırmağa meyilli olan varlıq şeytandır. Şeytan müəyyən görüntülər yaradaraq
bizi bizdən, fitrətimizdən ayırmağa çalışar. Biz onu qarabasma adı altında dilə
gətiririk. Qarabasma var, lakin onun altında əzilmək yox, tam tərsinə ona hakim
olmaq lazımdır. Yer üzünün əşrəfi insandır, insan öz ali məqamını bilsə bu
kiçik şeylərin fonunda əzilməz”.
İlahiyyatçı qeyd edib ki, belə qarabasmalardan, kabuslardan
xilas olmaq istəyən şəxslər imanını gücləndirməli, kainatı idarə edən Allahı
tanımalıdırlar. Bu proseslərdə yetərincə dərinləşən insanların həyatları,
yuxuları qaydasında olur.
Psixoloq Gülər Məmmədova qeyd edir ki, belə qarabasmalar
uşaqlıqdan gələn travmalarla, tək qalmaq, öz-özünə danışmaqla da əlaqəli ola
bilər.
“Qarabasma görmək, xəyali varlıqlarla danışmaq və s. kimi vərdişlər
psixi pozuntulara gətirib çıxara bilər. Qarabasmalar insanın müəyyən çətinlik
dövründən, hansısa təhlükəli hadisədən sonra yaranan travmanın verdiyi fəsaddır.
İnsan bir müddət sonra o hadisəni yenidən xatırlayır, bu da onun düşüncəsində
qarabasma kimi təzahür edə bilər. Bu daimi və müvəqqəti də ola bilir. Əgər uzun
müddət davam edərsə mütləq mütəxəssisdən yardım istəmək lazımdır. Bu məsələdə
düzgün diaqnozun qoyulması da vacibdir. İnsan hansısa vacib problemini həll etmədikdə,
onunla yaşamağa davam etdikdə və bu problem ona ağırlıq yaradırsa da
qarabasmalar yarana bilər”.
Psixoloq qarabasma zamanı yaşanan yuxu iflicinin hələ də
alimlər tərəfindən tam şəkildə açıqlnamdığını bildirib. Lakin müşahidələrə görə,
insan bir müddət zehninə dinclik verdikdən sonra yuxu iflicləri azala bilər.
Çünki yuxu iflicinin əsas səbəbləri kimi həddindən artıq stress, yorğunluq göstərilir.
Fidan Vəlisoy