Qarabasmanın baş vermə səbəbi nədir? - AÇIQLAMA

qarabasmanin-bas-verme-sebebi-nedir-aciqlama-1694699388
|
|

Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra yoxa çıxır..

Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən çırpınıb durursunuz.

Dünyanın demək olar ki bütün mədəniyyətlərində fərqli adlar verilən, daha çox qarabasma adı ilə bilinən bu qorxulu vəziyyətin izahı varmı? İnsanlar bunu yuxuda görür yoxsa bu real həyatda gerçəkləşən bir situasiyadır?

“Qarabasma insanın həm yuxuda olduğu dövrdə, həm də real həyatda da baş verə bilər” – bu fikirləri ilahiyyatçı Ağa Hacıbəyli Referans.az-a verdiyi məlumatda səsləndirib.

“Xüsusən, real həyatda daha çox gecə saatlarında qorxuya meyilli olan uşaqlarda baş verir. Gecə ətəyi ilə hər şeyi örtdüyündə qaranlıq insanların üzərinə çökər və bu zaman qorxu havasına bürünmüş insanlar həmin qorxunun təsirindən gerçək hesab etdikləri illuziyalar görürlər. Bu zaman insan o ağırlığın, kabusun altında əzilir, sanki nəfəsi kəsilir, taqətdən düşürmüş kimi hiss edir. Eyni zamanda bu proseslərin oxşarının yuxuda da baş verdiyinin şahidi oluruq. Lakin yuxuda görülən bu ağır kabusla real həyatda baş verənlər arasında fərqlər də var, bunları bir-birindən ayırmaq lazımdır. Dinimizin də yuxu ilə bağlı 3 istiqaməti var. Xüsusən yuxunun görülmə vaxtı sübh çağında, fəcr vaxtı 30-40 dəqiqə civarında görülən yuxular qarabasma formasında olarsa, bu yuxulara şeytani yuxular deyirlər. Ümumiyyətlə, yuxular 2 yerə bölünür, şeytani və rəbbani yuxular. Bizi yoran, pis təsir edən yuxular şeytani yuxular, bizə fərah, hüzur verən yuxular isə rəbbani yuxulardır. Qarabasmalar olursa insan həyatında bunun bir çıxış nöqtəsi olmalıdır. Xüsusən, Allaha olan inam, insanların etdikləri dua və zikrlər insanları mənəvi cəhətdən motivasiya edir, gücləndirir, qüdrətləndirir. Belə gerçək olmayan illuziyalara, kabuslara qarşı bizi daha dayanıqlı hala gətirir. Bu tip yuxuları çox vaxt cinlərlə, pis ruhlarla əlaqələndirirlər. Lakin ruhların pisi olmur, cinlər isə bizə ziyanı olmayan, paralel dünyada bizimlə birgə yaşayan məxluqlardır. Bizi hədəqəmizdən çıxaran, düzgün istiqamətdən ayırmağa meyilli olan varlıq şeytandır. Şeytan müəyyən görüntülər yaradaraq bizi bizdən, fitrətimizdən ayırmağa çalışar. Biz onu qarabasma adı altında dilə gətiririk. Qarabasma var, lakin onun altında əzilmək yox, tam tərsinə ona hakim olmaq lazımdır. Yer üzünün əşrəfi insandır, insan öz ali məqamını bilsə bu kiçik şeylərin fonunda əzilməz”.

İlahiyyatçı qeyd edib ki, belə qarabasmalardan, kabuslardan xilas olmaq istəyən şəxslər imanını gücləndirməli, kainatı idarə edən Allahı tanımalıdırlar. Bu proseslərdə yetərincə dərinləşən insanların həyatları, yuxuları qaydasında olur.

Psixoloq Gülər Məmmədova qeyd edir ki, belə qarabasmalar uşaqlıqdan gələn travmalarla, tək qalmaq, öz-özünə danışmaqla da əlaqəli ola bilər.

“Qarabasma görmək, xəyali varlıqlarla danışmaq və s. kimi vərdişlər psixi pozuntulara gətirib çıxara bilər. Qarabasmalar insanın müəyyən çətinlik dövründən, hansısa təhlükəli hadisədən sonra yaranan travmanın verdiyi fəsaddır. İnsan bir müddət sonra o hadisəni yenidən xatırlayır, bu da onun düşüncəsində qarabasma kimi təzahür edə bilər. Bu daimi və müvəqqəti də ola bilir. Əgər uzun müddət davam edərsə mütləq mütəxəssisdən yardım istəmək lazımdır. Bu məsələdə düzgün diaqnozun qoyulması da vacibdir. İnsan hansısa vacib problemini həll etmədikdə, onunla yaşamağa davam etdikdə və bu problem ona ağırlıq yaradırsa da qarabasmalar yarana bilər”.

Psixoloq qarabasma zamanı yaşanan yuxu iflicinin hələ də alimlər tərəfindən tam şəkildə açıqlnamdığını bildirib. Lakin müşahidələrə görə, insan bir müddət zehninə dinclik verdikdən sonra yuxu iflicləri azala bilər. Çünki yuxu iflicinin əsas səbəbləri kimi həddindən artıq stress, yorğunluq göstərilir.

 

Fidan Vəlisoy