Həmkarlar İttifaqlarının fəaliyyəti nədən ibarətdir? - HÜQUQŞÜNAS AÇIQLADI

Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşları, təhsil işçiləri, səhiyyə işçiləri və digər bu qəbildən olan peşə sahibləri Həmkarlar İttifaqları çətiri altında birləşirlər. Buna görə də işçilərin əmək haqlarında hər ay 2 faiz məbləğində məbləğ tutulur. Lakin bəzi işçilər Həmkarlar İttifaqlarının fəaliyyətindən narazıdır. Buna səbəb kimi ittifaqın öhdəliklərini tam olaraq yerinə yetirməməsi göstərilir.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.
“Həmkarlar İttifaqı üzv olan işçilərin hər ay maaşlarının müəyyən bir hissəsi ittifaqın büdcəsinə verilir. Bunun qarşılığında həmin işçilərin istirahət hüquqlarının təmin olunması məqsədilə müxtəlif istirahət mərkəzlərinə xərcin böyük hissəsinin qarşılanması ilə istirahət, müalicə kurslarını təşkil edirlər. Eyni zamanda işçilərin pozulmuş əmək hüquqlarının işəgötürən qarşısında təmin edirlər. Qeyd etmək istəyirəm ki, şəxs könüllü əsasda Həmkarlar İttifaqına üzv olur və buna görə də şəxsin ərizə təqdim etməklə könüllü şəkildə üzvlüyə xitam verilməsi barədə müraciət etməyə də ixtiyarı var. Əgər şəxs üzvlükdən çıxarsa, əmək haqqından aylıq tutulma artıq həyata keçirilməyəcək. Bəzən Həmkarlar İttifaqından xaric olma ilə bağlı işəgötürən tərəfindən təhdidlərə məruz qalan işçilərlə rastlaşırıq, bu zaman işçi işdən çıxarılma təhlükəsi ilə qarşılaşır. Ümumiyyətlə, şəxsin Həmkarlar İttifaqından üzvlükdən çıxması heç bir şəkildə onun işdən çıxarılmasına səbəb ola bilməz və bu, qanunla qadağan olunub. Azərbaycan Konstitusiyasının 58-ci maddəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Maddənin 2-ci bəndində isə qeyd olunur ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, Həmkarlar İttifaqına daxil olmaq hüququ var və onların sərbəst fəaliyyətinə təminat verilir”.
Hüquqşünas
son olaraq qeyd edib ki, əgər zəruri səbəblərdən Həmkarlar İttifaqlarına üzv
olmuş vətəndaşları ittifaqın fəaliyyəti qane etmirsə və onlar narazıdırlarsa, üzvlükdən
çıxmağa tam şəkildə ixtiyarları var.
Fidan
Vəlisoy