Qadın bətninin “KİRAYƏ VERİLMƏSİ” – Surroqat analıq nədir?

qadin-betninin-kiraye-verilmesi-surroqat-analiq-nedir-1695623039
|
|

Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Başqa və daha sadə dillə ifadə etsək, surroqat analıq qadın bətninin kirayə verilməsi deməkdir. Çünki doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır. Mövzunun hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

 

“Azərbaycan Respublikasının qanunvericiliyində surroqat ana anlayışı yoxdur. Azərbaycan qanunları surroqat anaların hüquqi statusunu müəyyən edən hansısa bir akt müəyyən etməyib. İlk öncə qeyd edim ki, surroqat ana daşıyıcı ana deməkdir. Yəni qadının yumurta hüceyrəsi ilə kişinin sperması mayalandırılır və yaranmış 3-5 günlüik rüşeym daşıyıcı ananın uşaqlığında yerləşdirilir. Bu daha çox evli və ya subay olan, ancaq uşaq dünyaya gətirməkdə çətinlik çəkən valideynlərdə həyata keçirilir. Bu cür valideynlərdə müxtəlif səbəblərdən uşaq dünyaya gətirmək və rüşeymin formalaşması mümkün olmur. Belə olduqca valideynin sperması surroqat ananın uşaqlığına yerləşdirilir və həmin qadına nəzərdə tutulmuş mükafat verilir. Qeyd edim ki, Azərbaycan Respublikasında daşıyıcı yəni surroqat ananın hüquqi statusu müəyyən olunmamışdır. Ümumiyyətlə götürsək, dünyada çox az sayıda ölkələr var ki, bu anlayış rəsmiləşdirilib. Keçmiş MDB ölkələri arasında surroqat ana anlayışına ən çox Ukraynada təsadüf edilir və bu həmin ölkədə qanunidir. Tərəflər arasında müqavilə münasibətləri olur və bu proses müqavilə ilə rəsmiləşdirilir. Bir çox hallarda surroqat analar 9 ayın sonunda dünyaya gətirəcəkləri uşağı onun valideynlərinə təhvil verəcəkləri ilə bağlı öhdəlik götürürlər. Bəzən müxtəlif səbəblərdən surroqat analar dünyaya gətirdikləri uşaqları valideynlərinə vermək istəmirlər. Belə olduqda isə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı uzun-uzadı məhkəmə çəkişmələri olur. Birmənalı şəkildə qeyd edim ki, Azərbaycan Respublikası qanunvericiliyində surroqat ana anlayışı yoxdur və hüquqi vəziyyəti də müəyyən deyil”.

 

Nazim Hacıyev