Astral səyahət etdiklərini deyən insanların əslində başına nə gəlir? - PSİXOLOQ VƏ İLAHİYYATÇI DANIŞIR

"Astral"
səyahət anlayışı "spiritizm", "okkultizm" və
"teosofik" konteksdə istifadə olunan bir anlayışdır. Bu anlayış
- parapsixologiya, məhbus cəsədi və ya astral bədən adlandırdıqları və eyni
zamanda incə maddə kimi göstərilən maddələrdən meydana gəldiyi deyilən
parapsixologiya fenomeninə inanan insanların öz ruhları ilə bir növ həyata keçirdiklərini iddia etdikləri bir növ səyahətdir.
Hamının
anlayacağı dildə desək, qısa müddətlik ruhun bədəndən müvəqqəti ayrılmasıdır.
Belə ki, bu səyahət zamanı insanın şüuru açıq olur, bununla yanaşı insan fiziki
bədəninin xaricində olmaqla başqa məkanlara səyahət edə bilir. Bəs həqiqətən astral səyahət baş tutur?
Psixoloq
Aytən Ələkbərova Referans.az-a bildirib ki, Azərbaycanda da psixoloqlara müraciət edənlər arasında astral səyahət etdiyini iddia edən pasiyentlərə rast
gəlmək mümkündür.
“İnsanların
bu düşüncəyə düşməsi astral səyahət filmlərindən başladı. Bu psixoloji
məqamlarla bağlı olduğuna görə hətta bu insanın öncədən baş verəcək dejavu və
jemavunu yaşaması belə rahatlıqla sezilən məqamlardır. Bu məqamlardan müəyyən
zamanlar var ki, o hər fərdin özünə aiddir. Onun şüuraltında olanları digər
insanlarda yoxdur. Biz bu nüansları mövzu ilə bağlı filmlərdə də görə bilərik.
Bizə müraciət edən pasiyentlərin arasında da tez-tez astral səyahət etdiyini
deyən şəxsin obsesiv-kompulsiv pozuntudan əziyyət çəkdiyini də psixoloq olaraq
sezmişdim”.
Psixoloq
astral səyahətin lunatizm ilə əlaqəli olduğunu, bunu yaşadığını iddia edənlərin
daha çox lunatik insanlar olduğunu da vurğulayıb.
“Deyərdim
ki, astral səyahət anlayışı lunatik yanaşmanın bir növüdür. Bu prosesi müşahidə
etdiyim bir xanımda hətta ailəsi onu psixiatra da yönəltmişdi. Onlar
düşünürdülər ki, həmin xanım “havalanıb” və ciddi psixi müalicə almalıdır.
Lakin sonradan məlum oldu ki, həmin xanım sadəcə bu mövzu ilə bağlı baxdığı filmin
təsirinə düşüb və nəticədə bu prosesi özünün də yaşadığını düşünür. İnsanlarda
müəyyən psixi sindromlar yaranırsa, onun mütləq müəyyən motivi, kökü olur.
Bunlar daha çox insanların vizual olaraq qəbul etdikləri və bu səbəbdən onlarda
yaranan travmaların nəticəsidir. Hətta bir zamanlar fransız filmləri
məşhurlaşmışdı. Bu filmlər yayıldıqdan sonra 12-13 yaşlı uşaqlıqdan yeniyetməlik
dövrünə keçən bir azyaşlı iddia edirdi ki, real həyatda həmin uçan obyektləri
görüb. Hətta o deyirdi ki, yadplanetlilər onu öz gəmilərinə qoyub başqa planetə
aparıblar. Belə hallarda valideynlər çox təşvişə düşürlər və bu təşvişi
uşaqlara ötürürlər. Azyaşlılar da yalan dedikləri anlaşılmasın deyə dedikləri
yalanı tətbiq edib reallaşdırmağa başlayırlar. Bu isə təhlükəli fəsadlar yarada
bilər. Belə hallarda valideynlər ilk addım olaraq psixoloqa müraciət edib
problemin həllinə konsentrasiya olmalıdırlar”.
Mövzuya dini
baxımdan da nəzər saldıq. Astral, ruhi səyahət anlayışının İslam dinində
mövcudluğu haqqında ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavabladı.
“İslam
dinində görə insan ruh və bədəndən təşkil olunub. İnsan yatanda ruhu bədəndən
ayrılır, ancaq bədənə bağlı olaraq ayrılır və yatmış insanı çağırdıqda ruh
bədənə daxil olur. İnsan öləndə isə ruh bədəni tamamilə tərk edir. Bədən
torpağa dəfn olunsa belə, harda olmasından asılı olsa belə öldükdə ruh bədəni
tərk edir və bərzax aləmi deyilən, ruhların qərar tutduğu sahəyə gedir. İslamda
astral səyahət adlı bir anlayış olmayıb. Sonradan sufi cərəyanına mənsub
məzhəblər belə bir anlayışı ortaya qoyublar. İslam dinində belə bir anlayış da
var ki, insan yatanda dünyadan köçmüş yaxınları ilə belə yuxuda görüşə,
söhbətləşə bilir. Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi
bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə
astral adlanan zonaya düşə bilmirik”.
İlahiyyatçı
bu anlayışın dinlə əlaqəsi olmasa da qədim mədəniyyətlərdə öz əksini tapdığını
da vurğulayıb.
"Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi. Hindlilər onu akasa adlandırırdılar. Əsl adı isə astral və ya astral işıq idi. Astral səyahət fikri keçmişə dayanır və çoxsaylı mədəniyyətlərdə öz əksini tapmışdır. Müasir "astral proyeksiya" terminologiyası 19-cu əsr filosofları tərəfindən irəli sürülmüş və təbliğ edilmişdir. Astral səyahət bəzən yuxu və ya meditasiya forması ilə əlaqələndirilir”.
Fidan
Vəlisoy