Bankdan kredit götürmək istəyən vətəndaşların NƏZƏRİNƏ! - Bakıda və bölgələrdə...

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi
rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir. Mərkəzi Bankın məlumatına
görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. Qarabağ
iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli
və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər.
Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir.
Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan
edib. Paytaxtda orta kredit faizi digər bölgələrimizdən kəskin fərqlənir.
Bəs ən bahalı kreditlərin rayonarlarda təklif olunmasının səbəbi
nədir?
Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyaqsət, sənaye
və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a bildirib ki, istənilən
bank krediti neçə faiz verirsə, hər yerdə də həmin faiz dərəcəsi olmalıdır:
“Rayonlarda kreditə ehtiyac daha çoxdur. Rayonlarda verilən əksər
kreditlər istehlak kreditləridir. Yəni insanların müəyyən istehlak tələblərini
yerinə yetirmək üçün olan, ailə, toy həyatı və ya hər hansı məişət əşyası almaq
üçün lazım olan kreditlərdir. Buna görə də faiz yüksəkdir, amma bu düzgün
deyil. İstənilən bank əgər kredit verirsə və onu 10 faiz müəyyən edibsə, hər
yerdə də 10 faiz verməlidir. Niyə bir yerdə 10 faiz olmalıdır, bir yerdə isə 19
faiz. Bu düzgün deyil. Buna görə də fikir versəniz, rayonlarda kreditlərlə
bağlı ciddi problemlər yaşanır. Rayonlarda sahibkarlar kredit faizləri yüksək
olduğu üçün investisya yönümlü kreditlər almırlar”.
Deputat qeyd edib ki, faizlər yüksək olduğu üçün sahibkarlar
bizneslərin böyüdə bilmirlər. Onun sözlərinə görə, paytaxtdan çox rayon yerlərində
kredit faizlərinin aşağı təklif olunması daha məqsədəuyğundur: “Rayonlarda
kredit götürən zaman bank vətəndaşdan girov alır. Rayon yerində vətəndaşın nəyi
olacaq ki, ya bir torpağı ya da köhnə evi. Buna görə də banklar riskə getmək
istəmir və kredit faizlərini yüksək tuturlar ki, az alsınlar və tez də
qayatrsınlar. Amma ümumi götürəndə bank sistemində belə hallara yol verilməməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, banklar üçün Bakı şəhərində kredit üçün qoyulmuş girov daha qiymətli və təhlükəsiz
sayılır:
“Düşünülən budur ki, Bakı şəhərində verilən kreditin
problemli kreditə çevrilməsi ehtimalı azdır. Buna görə də Bakı şəhərində kredit
faizləri daha aşağıdır. Regionlarda isə qoyulan girovun likvidliyi daha
azdır. Buna görə də fazilər daha yüksəkdir. Belə olan halda da anormal bir
stuasiya yaranır. Çünki bizim dövlət olaraq qarşımızda duran əsas məsələlərdən
biri regionların inkişafı, iqtisadi fürsətlərin genişlənməsi və həmin ərazilərdə
iş yerlərinin açılmasıdır ki, Bakıya axının qarşısı alınsın. Amma belə bir
anormal vəziyyət yaranıb ki, regionlarda daha ucuz olmalı olan kredit faizləri
daha baha başa gəlir”.
İqtisadçı qeyd edib ki, iş adamları, özəl sektor və vətəndaşlar
üçün fazilər daha yüksək olduğundan onların Bakıya axınının daha da artmasına səbəb
olur. Onun sözlərinə görə, faiz dərəcələri regionlarda daha ucuz olmalıdır: “Hətta
kredit faizləri dövlət tərəfindən subsidyalaşdırılmalıdır ki, orada iş yerləri
yaransın biznes kreditləri artsın, aqrar sahədə kreditlər artsın, çünki banklar
aqrar sahəni daha təhlükəli sayırlar. Amma vətəndaşlar da kənd təsəərrüfatı ilə
məşğul olan bölgələrdə başqa nə ilə məşğul olsunlar ki. Onlara uzunmüddətli
kredit lazımdır ki, aqrar sahə inkişaf etsin və iş yerləri yaransın”.