Azərbaycanda nikah yaşı dəyişdirilir? -  15-16 yaşlı şəxslərin ailə həyatı qurması...

bezi-quvveler-erken-nigahla-mubarize-adi-altinda-sosioloqdan-qeyri-adi-yanasma-1698407613
|
|

Azərbaycanda bölgələr və paytaxt arasında evlilik yaşı baxımından təzad müşahidə olunur. Regionlarda yeniyetmə yaşlarında evləndirilənlər var, lakin paytaxt sakinləri arasında evlilik yaşı get gedə artmaqdadır. Hətta evliliyə maraq azalıb da deyə bilərik.

Bu təzadın səbəbi nədir? Azərbaycan cəmiyyətində ideal evlilik yaşı neçə hesab oluna bilər?

Suallarımızı sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında cavablandırıb. 


“Bu məsələ tarixin bütün dövrlərində aktual olub. O cümlədən, dünyanın əksər ölkələrində var. Burada əsas təzad təşkil edən odur ki, insanın təbii, bioloji funksiyası ilə qanunda nəzərdə tutulan yaş həddi uyğun deyil. İnsan yaradılışında ata-ana olmaq qabiliyyəti ona 15-16 yaşda verilir. Bu o deməkdir ki, bizi yaradanın qoyduğu funksiya, orqanizmin özünün yetkinlik dövrünə çatması yaşı 15-16-dır. Hətta bəzi hallarda daha tezdir. Amma qanunda 18 yaş nəzərdə tutulduğuna görə bir çoxları müəyyən səbəblərdən daha tez evlənməyə üstünlük verir. Buna görə də belə nigahlar qeyri-qanuni sayılır. Hesab edirəm ki, qanunda nəzərdə tutulan 18 yaş çoxdur, ən azından bir yaş aşağı endirilməlidir. Çünki bir insanın haqqı var ki, o, bioloji olaraq yetkinlik yaşına çatıbsa, ata-ana olmaq qabiliyyəti ona verilibsə, onun evlənmək üçün təməl bioloji hüququ var. Bu hüququn hansı əsaslara dayanaraq vətəndaşın əlindən alınması haqqında bir dənə də olsun fakt yoxdur. Zorla evləndirilən yeniyetmələr, təbii ki, buna daxil deyil. Bu, artıq problemin başqa bir tərəfidir”.

Sosioloq qeyd edir ki, bir çox ölkələrdə, hətta Avropa ölkələrində də 15-16 yaşlı şəxslərin ailə həyatı qurmasına icazə verilir. Azərbaycanda rəsmi rəsmi icazə olmadığına görə belə hallar qeyri-qanuni baş verir.

“Təbii ki, valideynlər, müəyyən qurumlar tərəfindən yeniyetmələrin zorakı şəkildə erkən evliliyinin qarşısı alınması ilə bağlı mübarizə aparılmalıdır. Amma 16-17 yaşlı şəxslərə könüllü şəkildə, hər iki tərəfin öz istəyi əsasında ailə qurulmasına dair icazə vermək olar. Son yüz ilə qədər tarixin heç bir dövründə belə olmayıb”.

Ekspert deyir ki, regionlarda yeniyetmə yaşlarında ailə həyatı qurmağa cəlb olunmanın paytaxta nisbətən çox olmasının bir sıra səbəbləri var.

“Regionlarda gənclərdən tələblər daha azdır. Buna görə də onlar artıq daha tez, 17-18 yaşda evlənməyə üstünlük verirlər. Çünki onların şəhərdəki gənclər qədər problemləri yoxdur. Şəhərdəki gənclərin ev alması, karyera qurması və s. kimi məsələlər maneə törədir. Həmçinin paytaxtda yaşayış standartları və buna dair tələblər də çoxdur. Bunları təmin edə bilmədiklərinə görə evlənə bilmirlər. Bu da erkən evlilikdən daha ağır bir problemə gətirib çıxarır. Evliliklər sürətlə azalır. 30 yaşa qədər gənclər evlənə bilmir. Həmçinin bu, bioloji qanunların kobud sürətdə pozulmasıdır”.

Sosioloq evliliyə marağın azalmasının, gənclərin ailə qurmağa üstünlük verməməsinin genefonda zərər vurmasına və başqa mənəvi-psixoloji problemlərə səbəb olmasına gətirib çıxaracağını da bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ideal evlilik yaşını qadınlar üçün 18-22, kişilər üçün isə 20-24 yaş aralığı olaraq təyin edib. İstisnaları çıxmaq şərti ilə mən də bu düşüncədəyəm. Gənclər ən gec halda 20-25 yaş aralığında ailə həyatı qurmalıdır. Bu, təbii qanunlara da, həyat dövrlərinə də uyğundur. Həddindən artıq gec evliliklər ailə institumuzun dağılmasına gətirib çıxarır. Burada istisna hal gənc yaşda özünü evliliyə fiziki, psixoloji, həmçinin sosial, iqtisadi cəhətdən tam hazır hesab etməyən insanlardır ki, onları başa düşmək olar. Bu, şəxsə görə dəyişir. Evlilik elə bir mövzudur ki, optimal standart yaş demək mümkün deyil, buna individual yanaşmaq lazımdır”.

Elçin Bayramlı son olaraq vurğulayıb ki, erkən nikahlarla mübarizə adı altında bəzi qüvvələr həddindən artıq gec evliliyi təbliğ edirlər ki, bu da ölkənin təməl sisteminin dağıdılması təhlükəsi deməkdir.

 

Fidan Vəlisoy