Azərbaycanda qızılın qiymətinin qalxmasının səbəbi açıqlandı

10.11.2023
-
21:34
|
|
“Deməzdim ki, hazırda qızıl bazarında ciddi bahalaşma var. Çünki artım qızılın birjadakı qiymətinə uyğun tənzimlənir”.
Referans.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev deyib.
O, Bakının ən populyar qızıl univermaqlarında satılan zərgərlik məmulatlarının son bazar qiymətləri barədə danışıb.
T. Abbasquliyev xatırladıb ki, bir müddət öncə 24 karat qızılın qramı 64 dollara qədər qalxmışdı:
“Amma hazırda bu qiymət 62-63 dollar civarındadır, yəni qiymət artımı 1 qram üçün 5-6 manat civarında qalxa bilər, ondan çox yox. Fikrimcə, bu, normal haldır.
Onsuz da brilyantların qiyməti “Rapaport” hesabatına, qızılın qiyməti isə London birjasına uyğun tənzimlənir. Yəni, əgər orada artım varsa, zərgərlik məmulatlarının qiymətində də artım olacaq, yox, olmayacaqsa, qiymətlər stabil qalacaq”.
“Məsələn, 3 il bundan qabaq qiymətlər 40-42 dollar idi və bununla müqayisədə indi 50%-ə qədər ciddi artım var. Amma indiki qiymət artımı 5-10 manatlıq artımdır ki, buna da ciddi artım demək düzgün olmaz. Məncə, bunlara süni artım demək düzgün deyil. Hazırda 5 qram qızılın qiyməti 450 manatdan 480 manata qədər qalxıbsa, buna artım demək olar. Zərgərlik məmulatları öz-özlüyündə bahalı bir məhsuldur və onun üçün 3-5%-lik qiymət artımını ciddi artım saymıram”.
Müsahibimizin sözlərinə görə, xalq arasında italyan, rus, ərəb və türk qızılı adlandırılan zərgərlik məmulatları, əslində, əyara görə formalaşır:
“Bu gün 585 əyyara nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada tələbat çoxdur, çünki qiyməti daha aşağı gəlir. 750 əyyara da kifayət qədər tələbat var, çünki brilyantların istifadə olunduğu məmulatların çoxu 750 əyyarla hazırlanır. Ərəb qızılına isə tələbat Azərbaycanda heç vaxt yüksək olmayıb. Bu, sadəcə, körfəz ölkələrində populyardır”.