Kitab BAZARI - Qiymətlər niyə od tutub, yanır?

kitab-bazari
|
|
Ölkəmizdə, xüsusilə Bakıda kifayət qədər kitab mağazaları mövcuddur.

Lakin buna baxmayaraq kitab alanların sayı çoxluq təşkil etmir. Bu isə kütlənin kitab oxumaq istəmədiyindən deyil, kitabların çox baha olmasından irəli gəlir. Kitablar xalq, cəmiyyət, fərdlərin inkişafı üçün ən vacib ehtiyacdır və  hər bir insan üçün kifayət qədər əlçatan olmalıdır. Günümüzdə kitab oxumağı sevən, gününün əksər hissəsini kitablarla keçirən “kitab qurdları” yetəri qədər var. Lakin kitabların bahalığı oxucuları uzaqlaşdırır və rahatlıqla istədikləri kitabları alıb oxumaqda çətinlik çəkirlər. Tələbələr isə kitab oxuyanlar içərisində xüsusi yer təşkil edir, onlar daha çox kitab almaq və oxumaq istəyirlər. Lakin bir çox tələbə bu zaman problem yaşayır. Çünki onların təqaüdü bəzən buna yetmir və istədikləri kitabları çox baha olduğu üçün əldə edə bilmirlər. 

Bəs kitabların bu qədər baha olmasının əsas səbəbi nədir?

Bu haqda kitab evi və nəşriyyat kimi fəaliyyət göstərən BookZone kitab evinin nümayəndəsi Referans.az-a açıqlama edib.

“Kitabların qiyməti əslində baha deyil, xammal maddəsi olan kağızın qiyməti yüksəkdir.  Azərbaycana baha gəlməsi bundan qaynaqlanır. Buna görə də istər çap prosesində, istərsə də xammal maddəsinə əsasən kitabların qiyməti nisbətən baha ola bilər. Onu da qeyd edim ki, kitab çapa getməmişdən əvvəl bir neçə  mərhələdən keçir. Hazırda oxucular bizdən keyfiyyətli kitab istəyirlərsə, bu cür kitabın qiyməti də digər qiymətlərə nisbətdə baha olur. Siz 3-5 manata da kitab ala bilərsiniz, lakin onlar həmin kitabların keyfiyyətində olmur. Məsələn, Azərbaycanlı bir yazıçının yazdığı kitabın ərsəyə gəlmə qaydası belədir ki, yazıçı kitabı yazır, redaktora ötürür, sonra korrektora gedir, daha sonra tərtibat və üz qabığının hazırlanması baş tutur. Bu proseslər bittikdən sonra kitab digər mərhələlərdən keçir və ən sonda çapa hazırlanır. Bundan əlavə hüquqların alınması və s. kimi digər xərclər də var ki, bunların hamsısı kitabın qiymətinə təsir edir. Bu cür kitabların dizaynına, tərtibatına, digər keyfiyyətlərinə baxsaq, “ucuz” deyilən kitablardan xeyli fərqləndiyini görərik. Həmçinin tərcümə olduqda oxucular keyfiyyətli tərcümə istəyir və bu da peşəkar tərcüməçilər tərəfindən edilir. Bunun da müəyyən qarşılığı var, heç bir tərcüməçi isə  öz əməyini aşağı qiymətə təklif etmir. Bütün bu proseslər zamanı insan əməyi nəzərə alınır, buna görə də  kitabın qiyməti təyin olunur. Bu səbəbdən də oxucularımız elə bilirlər ki, kitabların qiyməti bahadır.”

Kitab evindən bildirilib ki, həftə içi və həftə sonlarında tələbələr üçün müəyyən endirim kompaniyaları olur.

"Burada icarə kitabxanası mövcuddur və kitabı ala bilməyənlər günə 20 qəpiyə icarəyə götürə bilərlər. Tələbələr tələbə biletləri ilə azərbaycan dilində olan kitabları 20% endirimlə əldə edirlər. Həmçinin metrolara çatdırılma ödənişsizdir. Kitabları əlçatan etmək üçün hər bir şəraiti yaratmışıq ki, Azərbaycanda oxucu kütləsi çoxlasın və kitab oxumama səbəbləri bahalıq olmasın. “

Qeyd olunub ki, müxtəlif vaxtlarda müxtəlif ərazilərdə sərgilər həyata keçirilib. Mart ayında da 3 gün boyunca Lənkəranda kitab sərgisinin olacağı bildirilib. 

“Bunun nəticəsində ümid edirik ki, bölgələrə getməklə oxucu kütləsinin artmasına və oxucuların daha sərfəli qiymətlə kitab əldə etməsinə şərait yaratmış olacağıq. “


Məryəm Məmmədova