Sürücülərin NƏZƏRİNƏ! - səhər saat 7-dən 10-a və axşam saat 17:00-dan 20:00-a qədər...

suruculerin-nezerine-bu-halda-avtobus-zolaqlarina-gire-bilersiniz-1700810350
|
|

Bakıda avtobusların maneəsiz hərəkətinə nail olmaq üçün ayrıca hərəkət zolağının salınması istiqamətində işlər davam edir. Ötən ay Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.


Artıq paytaxtın bəzi küçələrində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin avtobuslar üçün ayırdığı zolaqlara rast gəlmək mümkündür. Həmin zolaqlar sırf avtobusların hərəkəti üçün nəzərdə tutulub və şəxsi maşınlar zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir.


Bəs sürücülərin günün müəyyən saatlarında avtobus zolaqlarına daxil ola bilməsi barədə qanun var?


Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, müəyyən vaxt ərzində bəzi avtobus zolaqlarından istifadə etmək mümkündür:


“Avtobus zolaqları avtobus zolağı nişanı ilə təchiz olunur. Həmin zolağa təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddənin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimələnirlər. Amma bəzi avtobus zolaqları var ki, onların altında məlumat lövhəsi quraşdırılır. Misal üçün, qeyd olunur ki, səhər saat 7-dən 10-a və ya axşam saat 17:00-dan gecə 20:00-a qədər bu vaxtlarda zolağa girmək olmaz. Qalan müddətlərdə olar. Bu dediyim məsələnin olması üçün həmin avtobus zolaqlarında məlumat lövhələri olmalıdır və belə lövhələr olan avtobus zolaqları da şəhərdə çoxdur”.


DYP rəsmisi qeyd edib ki, yalnız məlumat lövhəsi olmayan yerlərdə, ümumiyyətlə, avtobus zolaqlarına daxil olmaq olmaz. Onun sözlərinə görə, bu qayda sadəcə avtobus zolaqlarında deyil, dayanma və durma nişanlarında da tətbiq olunur: “Elə zolaq var, yazır ki, axşam saat 21-dən səhər saat 7-yə qədər sərbəstdir eləsi var ki, iki tarix qoyur. Yəni məlumat lövhələrində bu quraşdırıla bilər və quraşdırılır da. Bu qayda nəinki, avtobus zolaqlarında başqa nişanlarda da var. Məsəl üçün, dayanma və durma qadağandır nişanı var, amma altında məlumat lövhəsində yazılır ki, dayanma və durma qadağandır, amma axşam 21:00-dan səhər saat 6-ya qədər  avtomobili saxlamaq olar”.


Bu yol nişanları təchiz olunarkən məlumat lövhələrinin quradırılması qaydası qanunda da var, bunun üçün heç bir məhdudiyyət də yoxdur. Bu kimi nişanlardan şəhərdə kifayət qədərdir – deyə Araz Əsgərli əlavə edib.


Referans Media

Aqil Qarayev