Peşə məktəbi, yoxsa universitet: Hansını seçək? - Ekspert açıqladı

pese-mektebi-yoxsa-universitet-hansini-secek
|
|
Günümüzdə peşə təhsili böyük önəm daşıyır və çox tələbat var. Artıq bir çox gənc peşə təhsilini seçir və bu sahəyə yönəlir. Onlar öz istedadlarına uyğun sahəni seçirlər və inkişaf edib uğur qazanırlar.

Bəs peşə təhsilinin hazırda vəziyyəti necədir?  Bu haqda təhsil üzrə ekspert Kamran Əsədov Referans.az-a açıqlama edib.


"Əmək bazarında  peşə sahiblərinə ehtiyac var, amma təəsüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır".

Açıqlamada bildirilib ki, "Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur".

Peşə təhsili ilə uğurlu karyera qurmaq olar?

"Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox halda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olarlar. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüflər olsun ki, məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir."

Kamran Əsədov bu gün ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrində hazırlanan ixtisaslı kadrlar azlıq təşkil etdiyi və əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac olduğu bildirilib.

"Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar gənclərin peşə təhsilinə marağını artıracaq. Keçmiş sovetlər dövrünə nəzər saldıqda görürük ki, texniki peşə təhsili ölkə iqtisadiyyatının peşə – ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. Lakin  SSRİ dağıldıqdan sonra təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yarandı. O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüşdü. 1988 – 1993 – cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi – siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərmişdir. Bu dövrdə hökm sürən ictimai və sosial – iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması və nəticə etibarilə əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın aşağı düşməsi, büdcədən maliyyələşmənin sıxılması, həmçinin təhsil təşkilatları ilə müəssisələr arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sistemini iflic vəziyyətinə salmış və tamamilə dağılmaq təhlükəsi ilə üz – üzə qoymuşdur. Uzun müddət bir çox ixtisaslar üzrə lazım olan işçi qüvvəsi ya xarici ölkələrdən dəvət olundu, ya da bunu qeyri ixtisaslı kadrlar həyata keçirməyə başladı. Geridə qoyduğumuz 30 ilə baxdıqda görürük ki, texniki peşə təhsili müəssisələrinin binaları yararsız hala düşmüşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşmışdı. Yataqxanalar qaçqın və məcburi köçkün ailələri tərəfindən zəbt olunmuşdu. Buna baxmayaraq, 2016-cı ildən eibarən texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyllər yaranmağa başladı. Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. "

Qeyd olunur ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərmanından sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı.

"Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsl alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurdudan sonra əmək bazarında ixtisadsdı üzrə işlə təmin olunur. Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir"

Məryəm Məmmədova