Boşanmaları azaltmaq üçün maraqlı təklif: "Aliment ata və ana arasında bölüşdürülsün" 

bosanmalari-azaltmaq-ucun-maraqli-teklif-aliment-ata-ve-ana-arasinda-bolusdurulsunnbsp-1702987248
|
|
“Boşanmalarda aliment və atanın uşaqlarla ünsiyyət hüququna dair məhkəmə praktikası dəyişilməsə, boşanmaların sayı artacaq, evlənənlərin sayı isə azalacaq”.


Referans.az xəbər verir ki, bunu hüquqşünas, mediator Fərhad Mehdiyev  “Cebhe.info”-ya açıqlamasında deyib.



O bildirib ki, boşanmalar zamanı uşaq atadan məhrum qalır:


"Ataya görüş hüququ məhkəmədə az verilir, həftədə 1 dəfə, 2 - 4 saat arası olmaq üzrə, həm də azyaşlı uçaq olduqda bu görüş mütləq ananın iştirakı ilə verilir. 2-3 yaşına qədər uşağın ananın yanında atası ilə görüşməsi ağlabatandır, amma uşağa atanın yanında real olaraq baxacaq biri varsa, buna ehtiyac yoxdur.


Məsələn, evli olarkən ana işlədiyi üçün uşağa qayınana baxır, boşandıqdan sonra isə ana deyir ki, uşağa məndən başqa heç kim baxa bilməz. Boşanmalar zamanı hər şey əsasən ananın istəyinə bağlı olur.


Bu, doğru deyil. Bundan əlavə, boşanma prosesindən sonra bəzi analar uşağını doldurmağa başlayır, bununla da uşaq deyir ki, atamı görmək istəmirəm, halbuki belə hal uşağın psixikasına travma vurur.  Bütün bunlara görə insanlar hazırda evliliyə isti yanaşmırlar, uşaq sayının çox olmasını istəmirlər. Bu tip hallar zəncirvari olaraq yayılır".


Fərhad Mehdiyev aliment məsələsinə də toxunub və qeyd edib ki, adətən kasıb ailələrdə alimentin ödənilməsində problem yaranır:


“Ölkədə kifayət qədər işsiz var. Həmin işsiz, kasıb təbəqədən biri boşananda 2-3 uşağa kəsilən alimenti ödəməyə onun gücü çatmır. Məhkəmələr də insanların əmək qabiliyyətinə baxmadan məhkəmələr hamı üçün eyni məbləği təyin edir. 


Son artıma qədər 3 uşağa kəsilən aliment miqdarı 500 manat idi. Bir insan 800 manat aylıq əməkhaqqı alırsa və həmin adam kirayədə yaşayırsa, o şəxsin həmin alimenti ödəməyə maddi imkanı uyğun olmaya bilər.
 

Avropa praktikasına baxsaq, əgər hər hansı bir şəxsin alimenti ödədikdən sonra gəliri aşağı düşürsə, həmin alimentin bir hissəsi dövlət ödəyir.


Azərbaycan Respublikasının Ailə Məcəlləsində göstərilir ki, uşağı saxlamaq həm atanın, həm də ananın vəzifəsidir. Ona görə də aliment yanlız ata üçün olmamalıdır. Yaxşı olardı ki, aliment məbləği ana işlədiyi halda ata ilə ana arasında bölüşdürülsün. Bu tip dəyişikliklər etməyin nəticəsində boşanmaların da sayı azala bilər”.


Xatırladaq ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halları qeydə alınıb.



Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.