İllərin problemi HƏLL OLUNUR: Hövsan kanalına axıdılan çirkab suları yenidən istifadəyə veriləcək

İllərdir şikayətlərə, mübahisələrə səbəb olan Hövsan kanalı probleminin həlli yolunda addımlar atılmağa başlayıb. Belə ki, bu gündən etibarən Hövsan qəsəbəsi ərazisindən Xəzərə axıdılan tullantı sularının təmizlənib təkrar istifadəyə verilməsi barədə pilot layihəyə start verilib.
Uzun illərdir neft hasilatı zamanı yaranan lay suları, həmçinin kanalizasiya sistemi olmayan 7 əsrlik qəsəbənin qrunt suları Hövsan kanalı vasitəsilə dənizə axıdılırdı. Bu proses Xəzər dənizinin ekoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, eyni zamanda yayılan üfunət qoxusu və antisanitar vəziyyət yaxın ərazilərdə qalan sakinlərin həyatını da təhlükə altına atırdı.
Yeni pilot layihə vasitəsilə bu problemlərin böyük hissəsinin aradan qaldırılması nəzərdə tutulub. Bəs yenidən istifadə üçün təmizlənən sular hansı sahələrdə dəyərləndiriləcək?
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bildirib ki, yenidən təmizlənmiş suların istifadə olunma arealı suyun təmizlənmə texnologiyasından asılıdır.
“Yenidən təmizlənmiş suların hansı məqsədlər üçün istifadə edilməsi suyun təmizlənmə texnologiyasından asılıdır. Təmizlənmə üçün ola bilər asılqanlar olsun və yaxud ola bilər ki, içməli su kimi minerallar da daxil olmaqla təmizlənsin. Ümumilikdə desək, belə qrunt suları təmizləndikdən sonra avtomobillərin akkumulyatorunda, laboratoriyalarda, bəzi hallarda isə güllərin, əkin sahələrinin suvarılması üçün çiləyici aparatlarda kanalları qarışdırmaq yolu ilə istifadə etmək olar. Məsələn, Abşerondan gələn Samur-Dəvəçi kanalı vasitəsilə əldə olunan suyun codluğu yüksəkdir. Həmin su ilə hazırki emal olunacaq suyu qarışdırdıqda cod su nisbətən durulacaq və nəticədə suvarılma üçün əlverişli su əldə etmək mümkün olar".
Ekspert qeyd edir ki, tam dəqiq şəkildə təmizlənməyən sulardan yalnız suvarma üçün istifadə oluna bilər. Bu belə sular suvarma üçün belə təhlükəlidir. Bəzi təhlükəli maddələr suyun tərkibinə ionlar vasitəsilə nüfuz edir ki, bu maddələr sudan dünyanın heç bir yerində təmizlənə bilmir.
"Düşünürəm ki, bizim ölkəmizdə çirkabdan təmizlənmiş su içməli su kimi əhaliyə verilməyəcək. Bizdə əhalinin əksəriyyəti müsəlmandır və müsəlman aləmində belə suyu içmək haram hesab olunur. Düzdür, bəzi xarici ölkələr var ki, onlar belə sulardan içmək üçün də istifadə edirlər, lakin Azərbaycanda bu əhali tərəfindən qəbul edilməz hesab oluna bilər".
Fidan Vəlisoy