Azərbaycanda yeni qanun qüvvəyə MİNDİ - Ciddi təsirləri olacaq

2024-cü il yanvarın birindən vergi məcəlləsinə mühüm dəyişiklik edilib. Dəyişikliyə görə, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib. Yəni 4 dəfə artıb. Statistika Komitəsinin 2022-ci ilin rəsmi məlumatına görə, Azərbaycanda sahibkarlıq və mikro sahibkarlıq subyektlərinin sayı 335 min 306-dır. Yeni dəyişikliyə kimi, bu sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək.
Bəs mikro sahibkarların gəlir vergisinin 4 dəfə artırılması ölkədə hansı sahələrə ciddi təsir edəcək?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-ın sorğusunu cavablandırarkən bildirib ki, hazırda fəaliyyət göstərən mikro sahibkarların vergi yükünün birdən-birə 4 dəfə artırılması ölkədə bahalaşmaya səbəb olacaq:
“Təbiidir ki, sahibkarın vergi yükü artırılırsa, əlbəttə bu onun istehsal etdiyi məhsula və xidmətin keyfiyyətinə təsir edəcək. Bu zaman isə bahalaşma qaçınılmaz olur. İndi bunu az-çox müxtəlif məhsullar üzrə təhlil etmək lazımdır. Məsələ burasındadır ki, vergi məcəlləsinə edilən bu dəyişiklik daha çox sahibkarın öz işini dayandırmasına səbəb olacaq. Azərbaycanda minlərlə mikro sahibkar fəaliyyət göstərir. Onların birdən-birə bir çoxunun öz fəaliyyətini dayandırması çox ciddi bahalşamaya səbəb olacaq. Sahibkarlar bir-bir öz sahəsindən gedərsə, artıq həmin sahəyə ehtiyac çoxalacaq”.
İqtisadçı qeyd edib ki, ölkə prezidenti sahibkarlığın inkişafına hər zaman çox ciddi önəm verib. Onun sözlərinə görə, ən azı mikro sahibkarlar üçün 3 işçi tələbi aradan qaldırılmalıdır: “Əslində kiçik və orta sahibkarların mikro sahibkar kimi fəaliyyət göstərməsinin qarşısının alınması üçün bir sıra variantlar mümkündür. Bu birbaşa mikro sahibkarların fəaliyyətini zəiflədəcək, yeni sahibkarlığa başlamaq istəyən investorların qarşısına qoyulan böyük bir menədir”.
Dəyişikliyə görə, əgər 3 işçin yoxdursa, vergi 5 faizdən 20 faizə qalxır. Yəni mikro sahibkarsansa, illik dövrüyən 200 min manatdan azdırsa və 3 işçin varsa, yalnız həmin sahibkar 5 faizlik vergi güzəştinə malikdir. Yox, əgər işçin yoxdursa və sahibkar özü fəaliyyət göstərirsə, vergi avtomatik 20 faizə qalxır – deyə Akif Nəsrli əlavə edib.
Aqil Qarayev