Müəllimlər maaş artımı istəyir: Valideynlər isə “ikiqat qazanırlar” deyir

Son günlər müəllimlərin əmək haqlarının artırılması məsələsi daha da aktuallaşıb.
Belə ki, müəllimlər sosial şəbəkələrdə indiki əmək haqqının artırılması və bəzi ödənişlərdən, o cümlədən vergidən azad olunmaqla bağlı təkliflərlə çıxış edirlər. Eyni zamanda, qeyd edirlər ki, sertifikasiyadn keçən hər müəllimin topladığı bala uyğun olaraq əmək haqqı artırılsın.
Qeyd edək ki, son sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunur. Ümumilikdə isə ölkədə müəllimlərin mövcud əmək haqları ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, Azərbaycanda hər 3 müəllimdən 1-i 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
Hazırda müəllimlərin 22%-i, yəni 28929 nəfər 500 manata qədər, 48%-i, yəni 63983 nəfər 500-1000 manat, 26%-i, yəni 34165 nəfər 1000-1500 manat, 5%-i, yəni 6177 nəfər 1500-200 manat, 0,4%-i, yəni 542 nəfər 2000 manat və daha artıq maaş alır.
Ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçəcək. Sosial şəbəkələrdə müəllimlər qeyd edir ki, 14% gəlir vergisi, 3% DSMF, 2% həmkarlar, 2% tibbi sığorta, 0,5% işsizlərə sığorta, 1% müdafiə fondu, 1% “Qızıl aypara”, 1% YAP-a üzvlük haqqı ödənilir.
“Bir müəllimin aldığı əmək haqqı ayın sonuna qədər çatır? Yox. Bu səbəbdən də müəllimlərin əmək haqqı artırılmalıdır. Çox az sayda müəllim olacaq ki, kart hesabının balansnda pulu olsun”,-deyə müəllimlər sosial şəbəkərdə yazırlar.
Valideynlər isə bu fikirdədir ki, hazırda orta məktəblərdə tədrisin keyfiyyəti aşağıdır. Müəllimlər həm məktəbdə əmək haqqı alır, həm də əlavə repetitorluq fəaliyyətindən qazanc əldə edirlər. Bu baxımdan burada itirən valideynlər, qazanc əldə edən isə müəllimlərdir. Üstəlik maaş artdıqca məllimlər repetitor haqqını da qaldırırlar ki, bu da valideynlərin büdcəsinə təsir edir.
Doğrudanmı müəllimlərin əmək haqqının artırılmasına ehtiyac var və onlar bir sıra ödənişlərdən azad olunmalıdır?
Referans.az xəbər verir ki, təhsil üzrə ekspert Vüsal Kərimli “Cebhe.info”-ya bildirib ki, ümumilikdə sertifikasiya əmək haqqının diferensiallaşma məsələsini həll edir:
“Yəni oradakı ballara uyğun müəllimlərin maaşına 10-35 faiz artım olur. Ancaq ümumi götürdükdə orta ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin əmək haqqı çox aşağıdır. Xüsusilə də ali təhsil ocaqlarında çalışan müəllimlərin maaşının aşağı olması diqqəti cəlb edir. Orta məktəb müəllimlərinin mütləq əksəriyyəti repetitorluqla məşğul olur və əlavə gəlirləri var.
Ancaq əlavə gəlir o anlama gəlmir ki, onun maaşı aşağı olmalıdır. O müəllimin işdən sonrakı fəaliyyətidir və əməyinin qarşılığında əlavə vəsait qazanmasına gətirib çıxarır. Orta məktəblərdə keyfiyyətli tədrisdən danışırıqsa, eyni zamanda da keyfiyyətli, yaxşı maaşdan da danışmalıyıq. Mənim də fikrim odur ki, əmək haqları aşağıdır. Ancaq sertifikasiya müəllimlərin əmək haqlarının diferensiallaşmasına birbaşa təsir edir”.
Valideynlərin “müəllimlərin orta məktəblərdə lazımi səviyyədə tədrislə məşğul olmaması, özlərini ikiqat vəsait sərf etmələri” fikrinə gəldikdə isə ekspert deyir ki, təhsilinin keyfiyyətinin aşağı olması əslində ən çox paytaxt, şəhər məktəblərində müşahidə olunur:
“Bu, rayon məktəblərində yoxdur. Burada şagird sıxlığı birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Müəllim 45 dəqiqəyə 40 şagirdə riyaziyyatdan alqoritmi, düsturu necə başa sala bilər? Bu, kifayət qədər ciddi problemdir. Onsuz da valideynlər əlavə xərcə düşürlər. Bunun üçün universitetlərə qəbul mexanizmi yenidən işlənməlidir.
Əgər bizim hədəfimiz test biliyi toplamaqdırsa, o zaman təbii ki, bal toplamağa hədəflənən bir hazırlıq görəcəklər. Yox, əgər məqsədimiz oxuyub anlamağı inkişaf etdirməkdirsə, bu, başqa məsələdir. Bugünlərdə belə bir məlumat da yayılmışdı ki, repetitorlar qiymətləri artırıblar. Repetitorların qarşısını almaq yox, universitetlərə qəbul prosesinin optimallaşdırılması məsələsini müzakirə etməliyik”.
Müəllimlərin vergi ödənişinin ləğv edilməsinə gəldikdə isə ekspert hesab edir ki, bu, yalnış yanaşmadır:
“Əgər vətəndaş əlavə gəlir qazanırsa, onun vergisini verməlidir. Dövlətin büdcəsi vergi ilə formalaşır. Bütün cəmiyyətlərdə hər kəs vergini verməlidir. Elə bir prinsip yoxdur ki, mən müəlliməm, vergidən azad olum. Onsuz da sadələşdirilmiş vergidir və müəllim qazandığı pulun 2 faizini vergi verir ki, bu, elə də çox böyük məbləğ rəqəm deyil”.