"Bolt" istifadəçilərinin NƏZƏRİNƏ: Əgər sifariş verdiyiniz taksi bu formada gələrsə, QƏTİYYƏN MİNMƏYİN! - RƏSMİ

Bolt, Uber və s. kimi özəl taksi şirkətləri ilə bağlı vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir. Taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan xoşagəlməz hallar da narahatlığa əsas verir. İndiyədək dəfələrlə taksi sürücülərinin narkotik vasitələrdən istifadə etməsi, qayda pozuntularına yol verməsi, hətta psixoloji vəziyyəti yerində olmayan şəxslərin belə sürücü kimi fəaliyyət göstərməsi bunlara misal ola bilər.
Vətəndaşlar tərəfindən redaksiyamıza daxil olan şikayətlərdə deyilir ki, “Bolt” mobil tətbiqi vasitəsilə taksilərin sifarişi zamanı təyin olunan avtomobilin rəngi, qeydiyyat nişanı, taksi sürücüsünün adı, şəkili və s. bu kimi məlumatlar qeyd olunur. Lakin bəzi hallarda vətəndaşlar təmamilə fərqli dövlət qeydiyyat nişanlı, başqa model və rəngdə avtomobil gəlir. Həmçinin sürücü də tətbiqdə qeyd olunan şəxs olmur. Vətəndaşlar bu halla qarşılaşdıqda taksiyə minməkdə tərəddüd edirlər.
Bu halın baş vermə səbəbi nədir? Nəyə görə tətbiqdə qeyd olunmayan şəxs təyinat yerinə gəlir? Vətəndaşlar belə halla qarşılaşdıqda nə etməlidirlər?
“Bolt” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Referans.az-a verilən açıqlamada məsələyə aydınlıq gətirilib.
“Sərnişinlər avtomobil sifariş edərkən sürücü, avtomobilin markası, modeli, rəngi və dövlət nömrə nişanı Bolt tətbiqində gördükləri məlumatlara uyğun gəlməyən heç bir nəqliyyat vasitəsinə minməməlidir. Biz həmçinin bütün sərnişinləri belə bir vəziyyətlə qarşılaşdıqda dərhal müştəri dəstəyimizə müraciət etməyə dəvət edirik. Bolt tətbiqində qeydiyyatdan keçənlərdən fərqli nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı tez bir şəkildə tədbirlər görürük.
Bir şirkət olaraq biz həm sürücülərimizin, həm də sərnişinlərimizin təhlükəsizliyini prioritetləşdiririk, onların səfərlər zamanı rifahını təmin etmək üçün bir sıra təhlükəsizlik tədbirləri görürük. Fövqəladə hallarda həm sürücülər, həm də sərnişinlər üçün əlçatan olan SOS düyməsi, həmçinin gedişlərin GPS izlənilməsi kimi təhlükəsizlik xüsusiyyətləri təklif edirik. Bundan əlavə, biz sərnişinlərə sürücülərin performansına görə onları qiymətləndirməyə və hər hansı uyğunsuz davranışı bildirməyə dəvət edirik. Sərnişinlərə qarşı təhlükəli davranış nümayiş etdirən sürücülərə qarşı dərhal tədbirlər görürük”.
Şirkətdən verilən açıqlamada bildirilib ki, 2023-cü ilin aprelindən etibarən “Bolt” sürücülərdən selfilər vasitəsilə şəxsiyyətlərini təsdiqləmələrini tələb edən təhlükəsizlik tədbiri tətbiq edib. Tətbiqə daxil olduqdan sonra sürücülərə selfi çəkdirmək təklif olunur və bu, sürücülük vəsiqəsindəki foto ilə müqayisə edilir. Süni intellekt sistemi şəxsiyyəti təsdiq edə bilməsə, Bolt nümayəndəsi selfiləri əl ilə yoxlayacaq. Selfi təqdim etməyən və ya şəxsiyyəti təsdiqlənə bilməyən sürücülər sifarişləri qəbul edə və ya gedişləri tamamlaya bilməzlər. Təhlükəsizlik səbəbləri və yoxlama məqsədləri üçün yüzlərlə sürücü Bolt platformasından kənarlaşdırılıb.
Fidan Vəlisoy