TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ: Diplomlarınız bu səbəbdən TANINMAYA BİLƏR!

Keçən il xaricdə təhsil alan 7021 nəfərin 1153-nün diplomu Azərbaycanda tanınmayıb. Eyni zamanda Azərbaycandakı bəzi ali məktəblərin məzunları hələ də xaricdə işə düzəlmək imkanından məhrumdur. Bu problemlə təkcə Avropa dövlətlərində deyil, yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və hətta Türkiyədə də qarşılaşmaq olur. Amma ekspertlər hesab edir ki, burada günah təkcə diplomda deyil, həm də məzunların özündədir.
Xarici diplomların tanınması prosesi necə baş verir? Diplomun tanınması üçün hansı tələblər var? Nəyə görə hər il bu qədər diplom Azərbaycanda tanınmır?
Bu sualları təhsil eksperti Kamran Əsədov Referans.az-a açıqlamasında cavablandırıb.
“Bu gün Azərbaycanda
keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər
xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual)
qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər
valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu
formada təhsil almağa yönəldirlər.
Bəli, həmin
universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsilalma
forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları
tanınmır. Həmin şirkətlər valideyn və abituriyentə Elm və təhsil nazirliyi tərəfindən
həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq
idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki,
universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması
demək deyil”.
Ekspert bildirib
ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları
tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi
təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90
gün semestr ərzində olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları
müddət bundan az olarsa, onların da diplomlarının tanınmasında imtina olunur.
“Təəssüflər olsun
ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır.
Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı
olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə
etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf
edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Nəticə
etibarı ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq
edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə
əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə
bilər.
Kamran Əsədov bu xüsusi halları sadalayıb:
“1. Əgər tələbə ali
təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin
olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici passportunda ölkədən giriş-çıxış
möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən
təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi?!
Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən
giriş-çıxış etsinlər və diqqətli olsunlar.
2. Təhsilin məzmunu
mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin
burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə
qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik
edəcəkdir.
3. Ən əsas göstəricilərdən
biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda
yalnız əyani formada tədris olunursa bu halda diplom tanınmır. Buna görədə tələbə
xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris
olunduğuna diqqət etməlidir.
Diplomların
tanınması prosesində nələrə diqqət etməli?
1. Diplomunuzun
tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu
prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan
kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
2. Əgər siz xaricdə
qiyabi təhsil almısınızsa xüsusilə də Türkiyə, Ukrayna və Rusiya ölkələrində
diqqət etməlisiniz ki, hər 2 semestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz
30 günü keçməsin.
3. Bu prosedur
zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədləriniz
ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə
cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız.
4. Təhsil aldığınız
ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya
prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz
sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq
mübət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin
Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin
təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunzu tanımayacaqdır.
Xarici diplomların
Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi
(TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil
Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə
xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində
sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil
alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun
tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən
rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin
akkreditə olunması diplomun tanınması demək deyil. Keçək, ikinci əsas hesab
olunan şərtə.
İxtisasların ekvivalentliyi
deyəndə onun Azərbaycanda keçirilən ixtisaslarla bərabər, yəni eyni olması kimi
başa düşülməlidir. Yəni, tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən
tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil
ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına
uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək
hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş
qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr
ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə
veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris
olunan hansı ixtisasa bərabərdir, vəssalam.
Bizim Təhsil
Nazirliyimiz və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz
müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat
əldə edə bilirik. Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir
sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher
Education World University Rankings, QS World University Rankings, Academic
Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə,
tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu
saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki,
diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda
var.
TKTA diplomların
tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb
edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin
müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil
aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir.
Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını
təhsil aldığı ölkədə keçirsin.
Digər və ən önəmli
məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən
apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil
möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir.
Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin
ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni
bu möhür olmadığı halda, diplom tanına bilməz.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı
ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması
və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) QAYDALARI”-nın 3.7-ci
bəndinə əsasən diplomlarının tanınmasında mənfi rəy bir neçə hallarda verilə
bilər. Əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda
yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə
ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir.
Yekun olaraq, əgər
xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla
ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya
distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa,
universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da
tanınmayacaqdır”.
Fidan Vəlisoy