Neftin qiyməti BAHALAŞIR - Manatın məzənnəsi necə dəyişəcək?

neft-qiymetleri-bahalasir-manatin-mezennesi-nece-deyisecek-1709108746
|
|

Yaxın Şərqdə gərginliyin artması dünya bazarlarında neft qiymətlərinin bahalaşmasına səbəb olub. Qırmızı dənizdə gəmilərə hücumların artması, Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu neft qiymətlərini qaldırıb. ABŞ əsgərlərinə hücum neftlə zəngin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb. Yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər yaralanıb.


Fevralın 28-nə olan məlumata görə, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb. Belə ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,08 dollar və ya 1,25% artaraq 87 ABŞ dolları təşkil edib.


Bəs Yaxın Şərqdə baş verən iqtsadi gərginlik Azərbaycana necə təsir edəcək?


Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından çox vacibdir:


"Artımların müşahidə olunması daha çox vəsaitinin Azərbaycana daxil olmasına imkan yaradır, çünki ölkə ixracatının 80 faizini neft və neft məhsulları təşkil edir. Bu kontekstdən təbii ki, Azərbaycanın dövlət gəlirlərində neftin dünya bazar qiymətinin xüsusi rolu var. Qiymətlərin artması praktik olaraq Azərbaycan üçün müsbət amildir, çünki bizim dövlət gəlirlərimiz artır. Hətta orta hesabla bütövlükdə qiymətləndirmə göstərir ki, hər barel neftin qiymətinin artması ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Bu baxımdan neftin dünya bazar qiymətinin baha olması bizim üçün əlverişlidir".



Vüqar Bayramov

Deputat əlavə edib ki, "Aİ-92" markalı benzin yerli istehsaldır, buna görə də onun xərclərinin yerli xərclər olduğuna görə iqtisadi baxımdan neftin dünya bazar qiymətinin yüksək olması yerli istehsalın xərcinə və qiymətinə təsir göstərməməlidir.

Onun sözlərinə görə, neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq benzinin qiymətində yeni artımların olacağı gözlənilmir: "Manatın möhkəmlənməsi, yəni dollara nisbətən məzənnəsinin yüksəlməsi gözlənilmir Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışır. Bu gün dollara tələbin artmasını müşahidə edirik və son 3 hərracda 300 milyon dollarlıq sifariş olub. Bu da ondan xəbər verir ki, neftin dünya bazar qiymətinin yüksək olması manatın möhkəmlənməsinə təsir göstərmir və belə bir təsirlər də proqnozlaşdırılmır".  


İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, neftin qiyməti son bir ayda 70-90 dollar arasında dəyişib, amma bunun elə ciddi bir risk yaradacağı ehtimalı azdır:


“Azərbaycan nefti dünyanın ən bahalı neftidir deyə bilərik, hətta bir çox hallarda “Brent” markalı neftdən belə baha satılır. Neft qiymətlərinin bahalaşmasının Azərbaycana ilkin periodda təhlükəsi yoxdur. Əksinə neft gəlirlərinin artması fonunda büdcə gəlirlərində artımlar baş verir, tədiyə balansı normaya düşür, maliyyə sabitliyi daha da güclənir. Biz neft satan ölkə olduğumuz üçün bunun bizə mənfi təsir edə biləcək yanları azdır”.


İqtisadçı qeyd edib ki, enerji qiymətlərinin artması bir müddətdən sonra ölkəyə inflyasiya şəklində geri qayıdır. Onun sözlərinə görə, dünyada neft-qaz qiymətlərinin bahalaşması müsbət amildir: “Əksinə neft qiymətləri aşağı olarsa, bizim üçün təhlükə ola bilər. Azərbaycanda hazırda 2024-cü il üçün neftin qiyməti büdcə proqnozlarınada xərclər planında 60 dollar kimi götürülüb. İndiki 80-85 dollarlıq qiymətlər isə bizim üçün oldquca komfortludur. Neftin orta qiymətinin bahalaşması ölkənin icmal balansına 2.1 milyar manat xeyir gətirir. 1.7 milyard manat Dövlət Neft Fondunun gəlirlərini artırır 400 milyon manat isə büdcə gəlirlərini artırır. Ümumi şəkildə neftin hər 10 dollar illik orta qiymətinin yüksək olması Azərbaycanın icmal büdcəsinə 2.1 milyard manatlıq fayda verir".



Xalid Kərimli

Neft qiymətlərinin bahalaşması fonunda manatın məzənnəsinin necə dəyişəcəyi sualına isə Xalid Kərimli belə cavab verib:


"Neft qiymətlərinin artmasının manata ciddi bir təsiri olmayacaq, çünki manatın məzənnəsi dollarla bir ölçülür. Yəni neft qiyməti artsa da, bunun heç bir təsiri olmayacaq, 1,7 dollar kimi qalacaq. Amma dollar artanda manat da artır. Dollar avroya görə artanda manat da avroya görə artır, dollar avroya görə ucuzlaşanda manat da ucuzlaşır. Dollar necə hərəkət edirsə, manat da elə hərəkət edir. Neft qiymətləri kəskin ucuzlaşmadığı halda manatın ucuzlaşması gözlənilmir".


Referans.az