Azərbaycanın sənədləşmə sistemində BÖYÜK DƏYİŞİKLİK: Bu ilin sonuna qədər...

azerbaycanin-senedlesme-sisteminde-boyuk-deyisiklik-bu-ilin-sonuna-qeder-1714050450
|
|

Azərbaycanda bu ilin sonunadək doğum, nikah və ölüm şəhadətnamələri, şəxsiyyət vəsiqələrinin elektronlaşdırılması nəzərdə tutulub.


Elektronlaşdırılması nəzərdə tutulan sənədlər QR kodla oxuna və paylaşıla bilinəcək.


Bu üsul ölkənin sənədləşmə sistemində nə qədər effektiv olacaq?


Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında 2024-cü ilin sonunadək tətbiq olunacaq yeniliyin müsbət və mənfi təsirlərindən danışıb. 




“Əlbəttə, kağız sənədlər müəyyən qədər qorunmalıdır. Bu arxiv, sənədlərin itməməsi baxımından olduqca vacibdir. Lakin daha asan və rahat varianta keçmək də lazımdır. Hesab edirəm ki, bu sahədə yenilənməyə ehtiyac var. Bu proses bütünlükdə bu sahədə bürokratik əngəlləri, süni yazışmaları da aradan qaldıracaq”.


Deputat bildirib ki, sənədləşmənin bu formada həyata keçirilməsinin nəzərdə tutulması vətəndaşların işinin asanlaşdırımasına xidmət edir.


“İstər notarial formada, istərsə də digər formalarda, məsələn, ipoteka məsələlərində, növbə xarakterli prosedurların həyata keçirilməsində vətəndaşların işinin asanlaşdırılmasına xidmət edən addımlardır. Lakin bu modelin effektiv olması vətəndaşların özünün fəaliyyətindən asılıdır. Məsələn, Azərbaycanda hazırda elektron hökumət modeli mövcuddur və vətəndaşlar daha çox maraqlı olub israr etsələr platforma daha effektiv fəaliyyət göstərər. Amma insanlar kağız sənədlərə üstünlük verirlər. Hətta ərizəni, məktubu belə kağız formasında təqdim etməyə çalışırlar. Halbuki bunları elektron formada etmək həm vaxta qənaətdir, həm də məsrəfləri aradan qaldırır”.


Fazil Mustafa son olaraq vurğulayıb ki, bu, insanların alışqanlıqlarını dəyişməyə maraqlı olmamasında irəli gəlir.

 

Fidan Vəlisoy