Marketlərdə içməli su yerinə SATILAN NƏDİR? - Dad fərqini yaradan bu imiş...

Havaların isinməsi ilə daha çox sudan istifadə etməyə başlayırıq. Azərbaycanda satılan suların bir çoxunda isə müəyyən dad hiss olunur. Söhbət marketlərdə satılan sulardan gedir. Satılan adi, içməli sudur, amma markalar fərqli olduğu kimi dadları da fərqlidir...
Sadə suların dadında olan fərqi hansı amil yaradır?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a açıqlamasında bu haqda danışıb.
“Plastik butulkalarda olan sular müasir dövrdə ən çox istifadə olunan məhsullar sırasındadır. Buna səbəb isə daha ucuz və daşınmasının daha praktik olmasıdır. Lakin bununla yanaşı bu məhsulların insan orqanizminə və təbiətə vurduğu ziyan artıq bütün dünyaya məlumdur. Bir çox inkişaf etmiş ölkələrdə nəinki plastik butulkalardan, hətta plastik çəngəl, bıçaq, boşqab və s. bütün vasitələr qadağan olunub”.
Mütəxəssis bildirib ki, plastik butulkanın düzəldildiyi plastmas maddənin tərkibindən, məruz qaldığı istilikdən, temperatur dəyişikliyindən, Günəş və digər şüalardan asılı olaraq daxilindəki suyun dadının dəyişməsi mümkündür.
“Bisfenol A və yaxud A bisfenolu şəklində yaranan polietilenin tərkibində maddə insan orqanizminə olduqca zərərlidir. Bu da demək olar ki, orqanizmdə yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranması, endokrin sisteminin funksiyasının pozulması, xərçəng hüceyrələrinin inkişafına səbəb olur. Eyni zamanda şəkər xəstələri mütəmadi olaraq belə qablardakı qidalardan, sudan istifadə edərlərsə, bu zaman onların xəstəliyinin inkişafı üçün katalizator rolu oynadığı da təsdiq olunmuşdur. Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablar, adından da göründüyü kimi bir dəfə istifadədən sonra atılmalıdır. Lakin bir çox insanlar bunları daha sonra da istifadə etmək düşüncəsi ilə saxlayırlar”.
Ekspert qeyd edib ki, belə suların dadlarının fərqli olmasında onların emal prosesi də mühüm rol oynayır.
“Plastik butulkalarda olan belə sular hazırlanan zaman sənaye üsulunda müəyyən qaydalar var ki, onlara mütləq riayət olunmalıdır.Həmin butulkalar su doldurulmadan əvvəl emal prosesindən sonra ozonla doldurulma və suyun təmizlənmiş, içməyə yararlı şəkildə doldurulması həyata keçirilir. Ölkə ərazisində bir çox monitorinqlər aparılsa da, heç də bütün satılan sular bu standartlara cavab vermir. Təəssüf ki, bəzən gizli, mənşəyi bəlli olmayan yerdən doldurulub satılan bu sular insan orqanizmi üçün çox təhlükəli ola bilir”.
Məhsəti Hüseynova deyib ki, ümumiyyətlə, hamilələrə, azyaşlılara, həssas qrupdan olan şəxslərə, xroniki xəstəliyi olan insanlara, yaşlılara plastik qabda olan istənilən məhsuldan istifadə etmək tövsiyə olunmur.
Fidan Vəlisoy