Yumurtadan sonra bu məhsullarda kəskin UCUZLAŞACAQ

Rusiyada kartofun qiymətində kəskin bahalaşma qeydə alınır.
Mayın 14-dən mayın 20-dək kartof 7,9 faiz bahalaşıb. Bir həftə əvvəl qiymət artımı 4 faiz olmuşdu.
Ötən həftə ərzində həmçinin soğan 6,9 faiz (bir həftə əvvəl 4,4 faiz), yerkökü 4,7 faiz (4,1 faiz) bahalaşıb. Bu tərəvəzlər meyvə-tərəvəz bazarında artım templərinə görə liderlik edir.
Qeyd edilir ki, faraş kartof-soğanın demək olar ki, bütün həcmləri bu ölkəyə satılır. Azərbaycanda ixrac olunan məhsulların qiyməti əsas ixrac bazarına uyğunlaşdırılır. Tezliklə ölkə bazarlarında da kartof-soğanın bahalaşmasını müşahidə edəcəyimiz söylənilir.
Mövzu ilə Referans.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Rusiyada qiymətlərin bahalaşması hava şəraiti ilə əlaqədardır:
"Rusiya bilirsiniz ki, soyuq iqlim qurşaqlarında yerləşir. Ona görə son vaxtlar havanın qeyri- sabit keçməsi, mövsümə uyğun olmayan soyuqların gəlməsi, qar yağması, şaxta düşməsi müşahidə olunur. Bu da açıq havada satışda olan məhsulları sıradan çıxarır. Ona görə də Rusiyada hazırda kartof və soğanın qiyməti bir qədər bahalaşıb. Məsələ burasındadır ki, Rusiyanın bu məhsullar üzrə idxal kanalları daha şaxələnmiş şəkildədir".
Ekspert bildirir ki, Rusiyaya kartof-soğan ixrac edən Azərbaycan sahibkarları bu imkandan yararlanacaqlar:
"Onlar məhsullarını normal qiymətə satacaqlar. Amma, bunun Azərbaycanın daxili bazarına təsir edəcəyini düşünmürəm. Hesab etmirəm ki, Rusiyadakı kimi Azərbaycanda da kartof-soğan bahalaşacaq. Çünki Azərbaycanda bu məhsulların mövsümüdür".
Akif Nəsirli qeyd edib ki, mövsüm və bolluq olduğundan qarşıdakı aylarda həm kartofun, həm soğanın qiymətləri ucuzlaşacaq:
"Faraş kartof, sonra ənənəvi kartoflar satış çıxacaq. Soğan da həmçinin. Dekabr ayınadək Azərbaycanda kartof və soğanın bahalaşmasını gözləmək düz deyil. Ötən ilki qiymətləri ola bilsin ki, biz müşahidə etməyəcəyik. Bu da inflyasiya ilə bağlıdır. Bütün məhsullar bahalaşıb, kartof- soğanın da qiymətində 10-15 qəpik ötən ilə nisbətən baha satılması normal haldır. Bu il Azərbaycanda bu məhsulların bol olacağını və heç bir problemin yaşanmayacağını proqnoz edirəm".
Qeyd edək ki, hazırda bazarlarda faraş kartofun kq 50-60 qəpikdən, soğanın kq isə 30 qəpikdən alıcılara təqdim edilir.
Şəlalə Babayeva