Azərbaycan əhalisinə SEVİNDİRİCİ XƏBƏR: İnternetin qiyməti ucuzlaşacaq

"Aztelekom" MMC və "Baktelecom" MMC internetin sürətini artırır.
Qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Qeyd edək ki, "Aztelekom" və "Baktelecom" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas tərəfdaşlarındandır.
Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Maraqlıdır, "Aztelekom" və "Baktelecom" dövlətin balansında fəaliyyət göstərən şirkət olaraq ölkədəki digər özəl şirkətlərin provayderlərinin fəaliyyətinə necə təsir edəcək? Rəqabət mühiti onların sıradan çıxmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Referans.az- a İKT İnformasiya Mərkəzinin Direktoru Fərid Kazımov danışıb.
O bildirib ki, istənilən halda insanlar istədiyi provayderi istifadə edir:
"Qiymətin aşağı düşməsi və ya yuxarı qalxması provayderlərə elə də təsir etmir. Əsas xidmətin keyfiyyətidi, sürətin yüksək olmasıdır. Bazardır, bazarda rəqabət var. Bu biznesdir. Digər provayderler öz xidmətini daha da optimallaşdıra bilər ki, müştərilərə yüksək xidmət təklif etsin. Güclü bir yenilik olmalıdır ki, vətəndaş bu xidmətdən əl çəkib, digər provayderə gərək gedib qoşulsun. Azərbaycanda əksər evlər artıq internetləşib. Yəni hamının istifadə etdiyi provayderi var. 1-2 manata görə provayder dəyişilməsi məsələsi çox mümkünsüzdür".
Fərid Kazımov bildirir ki, müştərilən davranışında başqa qaydalar işləyir:
"İnternet çörək və kartof deyil ki, gedib mağazadan alına. Bu xidmət qoşulmalıdır, ləğv olunmalıdı və s. Hamısı vaxt aparan prosesdir. Qiymət dəyişikliyi ilə lap insanlar provayderini dəyişsə, qoy olsun. Bazarda rəqabət olar".
Müsahib bildirir ki, özəl provayderlər rəqabət olan zaman qiymələri aşağı sala bilər: "Ola bilər ki, düşünələr ki, qiymətləri azaltmasın, öz keyfiyyətinə üstünlük verə və s."
Qeyd edək ki bazarın təxminən 85%-nə 10 operator və provayder nəzarət edir. Qeydiyyatdan keçmiş 144 internet servis provayderindən (İSP) 131-i aktiv fəaliyyət göstərir. Ən çox İSP olan yaşayış məntəqələri üzrə Bakı şəhərində – 107, Sumqayıt şəhərində – 31 və Xırdalan şəhərində isə 30 İSP fəaliyyət göstərir.
Şəlalə Babayeva