Bu şəhərlərdə ardıcıl olaraq zəlzələlər GÖZLƏNİLİR: Gəncə, Zaqatala, Qazax...

Xəbər verdiyimiz kimi, ötən gün Quba rayonunda zəlzələ olub.
Bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Xınalıq stansiyasından 12 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Referans.az-a Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev şimal rayonlarının zəlzələ təhlükəsinin nə qədər təşkil etməsindən danışıb:
“Bu il ölkə üzrə seysmik avtivlik davam edəcək. Nəinki ölkə daxilində, dünya miqyasında da müəyyən zamanlarda güclü, hiss olunan zəlzələlər baş verib və verəcək. Azərbaycanda da hiss olunan zəlzələlər mövcuddur və bu il ərzində davamlı olaraq baş verəcək. Gürcüstan- Azərbaycan sərhəddində zəlzələlər baş verəcək. Yaxınlarda orada 4.8 maqnitudalı zəlzələlər baş verdi. Təkanlar bir neçə rayonda hiss olundu. Səthə yaxın ocaq idi, 5 km dərinlikdə idi deyə müxtəlif rayonlarda hiss olundu. Bu il Azərbaycanda seysmik ocaqlar hərəkətə gələcək, onsuz da hərəkətdədirlər. Bu bir dövrülükdür və hərəkətlərdə avtivləşmə davam edir. Zəlzələ baş verdikcə qonşu seysmik ocaqlar da aktivləşir və dinamik hərəkətlərin baş verməsi davam edir. Azərbaycanda güclü zəlzələnin olması gözlənilmir. Amma, geofizik və seysmoloq kimi deyə bilərəm ki, hiss olunan zəlzələlər gözləniləndir. Göründüyü kimi, mütəmadi olaraq zəlzələlər baş verir və buna şahid oluruq. Şimal zonasına gəlincə, Quba- Şabran zonası seysmik- aktiv zona kimi səciyyələnir. Həm buranın zonası, həm də zonaya təsir edən Xəzər dənizində olan ocaqlar təsir edir. Burada mürəkkəb qırılmalar var. Xəzər dənizinin şimal hissəsində zəlzələ olacağı istisna deyil. Bu siyahıya daxildir. Quba- Şabran, Qusar zonası həm qırılmalarla və həm də qırılma qovşaqları ilə zəngindir. Bu zona seysmik avtivlikdən geri qalmayacaq”.
Seysmoloq bildirib ki, Qazax-Zaqatala, Balakən zonasında seysmik aktivlik yenidən hərəkətə keçə bilər: “2024- cü ildə zatən bu zonalar aktivdirlər. Qonşu seysmik ocaqlar da aktivləşə bilər. Məsələn, Kiçik Qafqazın şimal yamacı, Gəncə ətrafı və s. zonalarda ardıcıl olaraq zəlzələlər baş verə bilər. Bunların bəziləri hiss olunmaya bilər.Amma, hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır. Bu il yaddaşımızda tez-tez zəlzələlər baş verən il kimi qalacaq”.
Şəlalə Babayeva