SOCAR və "Qazprom" arasında əməkdaşlıq Azərbaycana bu YENİLİKLƏRİ GƏTİRƏCƏK

“Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlib.
Bu barədə “Qazprom”un məlumatında deyilir.
“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində tədbirlərdə iştirak edib.
“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Xüsusilə, söhbət “Şimal-Cənub” layihəsindən və 2024-cü ilin sentyabrında Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə A.Miller qeyd edib.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Referans.az-a açıqlamasında tərəkdaşlığın inkişafının Azərbaycana təsirindən danışıb.
“Azərbaycanın müstəqilik dövründə “Qazprom” şirkəti ilə əməkdaşlığı 2004-cü ilə təsadüf edir. Baxmayaraq ki, Azərbaycan 2000-ci ilin oktyabr ayından Rusiyadan qaz alışına başlamışdır ancaq o zaman həmin qazı Rusiyanın özəl şirkətlərindən alır. 2004-cü ildən isə artıq “Qazprom”la qaz alqı-satqısı həyata keçirməyə başladı. Ötən 20 ilə nəzər yetirsək, bizim əməkdaşlığımız məhz qaz marketinqi sahəsində olub. Yəni ya onlar bizə, ya da biz onlara qaz satmışıq. Bizim Rusiyaya qaz satışımız 2010-cu ildən başlamışdır. Təqribən 4 il həyata keçirilmişdir. Sonrakı dövrlərdə isə ara-sıra Azərbaycanda qış mövsümündə, defisit olanda Rusiyadan qaz alışı baş tutub. Məsələn, 2023-cü ildə Azərbaycan Rusiyadan 800 milyon kub metr qaz idxal edib. Təqribən 360 milyon Rusiyaya bunu qaytarmışdı. Necə ki, elektrikdə qaz da eyni şəkildə dəyişdirilir”.
Ekspert bildirib ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında bir kub metr belə qaz mübadiləsi olmayıb.
“SOCAR və “Qazprom” rəhbərliyi arasında vaxtaşırı görüşlər baş tutur. Bu görüşlər ildə 2-3 dəfə olur. Bu görüşlər adətən qarşılıqlı etimad, mövcud infrastrukturun saxlanılması üçün baş tutur. “Qazprom” Azərbaycana heç bir hasilat layihəsində iştirak etməyib, eyni şəkildə Dövlət Neft Şirkəti də Rusiyada, ümumiyyətlə, Azərbaycandan kənarda hansısa hasilat layihəsində olmayıb. Ancaq “Qazprom”un Rusiyada həyata keçirdiyi layihələrdə Dövlət Neft Şirkətinin Rusiyadakı törəmə şirkəti tikinti işlərində iştirak edib.
İlham Şaban vurğulayıb ki, bu əməkdaşlıqdan Azərbaycanla bağlı qeyri-adi gözləntilər yoxdur.
Fidan Vəlisoy