Bakının dar küçələri, eyni yolda hər gün qəza... - Niyə təkcə sürücülər məsuliyyət daşıyır? 

bakinin-dar-kuceleri-eyni-yolda-her-gun-qeza-niye-tekce-suruculer-mesuliyyet-dasiyirnbsp-1724679855
|
|

Paytaxtın bəzi ərazilərində yolun dar olmasına görə demək olar ki, hər gün qəzalar baş verir. Bu yollardan biri də Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində mövcuddur. Vətəndaşların iddialarına görə, yaşayış kompleksindən “beton yol” adlanan yola çıxmaq üçün istifadə olunan hissəsi həddindən artıq dar olduğuna görə burada demək olar ki, hər gün yol nəqliyyat qəzası baş verir.


Paytaxtın digər ərazilərində də belə yollar az deyil.


Bəs belə yollarda qəzalar zamanı məsuliyyəti təkcə sürücülər daşıyır? Bu zaman yolun vəziyyəti, düzgün formada inşa olunmaması nəzərə alınaraq sürücülərə müəyyən güzəştlər edilir?


Nəqliyyat eksperti Rövşən Həsənov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“Tikinti norma və qaydalarına uyğun olaraq, bir sıra yollarımızda həqiqətən də adıçəkilən qüsurlar mövcuddur. Bu, məhz şəhər planlamasından irəli gəlir. Bir neçə il bundan öncə tikinti norma və qaydalarına uyğun olmayaraq inşa olunan iaşə, ticarət obyektləri və yaxud yaşayış binaları tikildikdə onlar üçün nəzərdə tutulan parkinqlər mövcud olmadığından artıq səkiləri zəbt etməsi hadisələrini də müşahidə etdik. Eyni zamanda elə dar formada hazırlanan yollar da var ki, onların ümumiyyətlə çarəsi yoxdur”.


Ekspert qeyd edib ki, yolun formasından, qəzalı olub-olmamasından asılı olmayaraq qəza törədən sürücülər heç bir üstünlüyə malik olmur.


“Burada sürücülər sadəcə diqqətli olmalıdırlar. Bu, Azərbaycanda çox aktual məsələdir. Ölkədə olan tıxaclar, qəzalar, digər yol problemləri məhz bu yolların tam olaraq standartlara uyğun olmamasından irəli gəlir. Eyni zamanda bu, bir günə həll ola da bilməz, böyük bir layihə çərçivəsində illər tələb edən bir məsələdir”.

 

Fidan Vəlisoy