DİQQƏTLİ OLUN! Restoranlar müştəriləri belə aldadırlarmış...

diqqetli-olun-restoranlar-musterileri-bele-aldadirlarmis-1735304066
|
|

Vətəndaşlar paytaxtda yerləşən bəzi kafe və restoranlarda böyük sifarişlər zamanı qəbzdə sifariş verilən məhsul sayında artırılma, ümumi məbləğin normaldan artıq hesablanması kimi hallarla qarşılaşdıqlarını deyirlər.  

 

Belə halla qarşılaşan şəxslər nə etməlidirlər? Həmin restoranlara hansı cərimə və cəzalar tətbiq olunur?

 

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Referans.az-a məlumat verib.

 

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində zəruri və düzgün məlumat verməlidir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ictimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir”.

 

Qurumdan bildirilib ki, ictimai iaşə obyektlərində istehlakçılara təqdim olunan xörəklərin və digər məhsulların qiyməti məhz menyuda göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan menyuda göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması hesab olunur.

 

“İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. (Maddə 447.0.1)

İstehlakçılar ictimai iaşə obyektlərində hesablaşma zamanı menyuda göstərilən qiymətlərdən fərqli məbləğin tələb edilməsi, həmçinin göstərilmiş ictimai iaşə xidmətinin dəyəri əks olunmuş hesabın təqdim edilməməsi halları ilə rastlaşdıqda rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

 

 

Fidan Vəlisoy