Yeni ildən yanacaq qiymətləri BAHALAŞACAQ? - EKSPERT AÇIQLADI

Nazirlər Kabineti neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə əlaqədar bəzi məsələlər haqqında qərarında bəzi dəyişikliklər edib.
Dəyişikliklə əlaqədar yanacağın qiymətində bahalaşma ola bilərmi?
Bu sualı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında cavablandırıb.
“Ölkədə yanacağın qiyməti keçən ilin ortalarında bahalaşdı. Bu yaxın müddətdə yenidən bahalaşma olması gözlənilmir. Azərbaycanda bu qiyməti ancaq Tarif Şurası müəyyən edir. Yəni bu qiymət dövlət tərəfindən inzibati qaydada müəyyənləşir. Buna görə də nə vaxt istəsələr artıra bilərlər, bu, onların səlahiyyətindədir. Amma buna ehtiyac yoxdur. Çünki dizel yanacağının birdən-birə 80 qəpikdən 1 manata qalxması elə bu gün də inflyasiyanın əsas səbəblərindən biridir”.
Ekspert qeyd edib ki, hazırda kənd təsərrüfatının və digər məhsullarında bahalaşmasının kökündə ötən ilin ortalarında məhz dizel yanacağının bahalaşması dayanır.
Fidan Vəlisoy